Alpaqutçular «ExpoSport Azerbaijan 2026» sərgisində

27 noyabr 2026-cı ildə Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə «ExpoSport Azerbaijan 2026» beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisinin açılışı olub. Alpaqut sərgidə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) stendində təqdim olunur.
Stenddə qonaqları tarixi geyimli alpaqutçular qarşılayır. Burada Assosiasiyanın birləşdirdiyi 26 milli və ənənəvi idman növü, onların atributları və idmançılarımızın beynəlxalq yarışlarda qazandığı 780 medal haqqında məlumat da nümayiş olunur.
Sərginin açılış günü gənclər və idman naziri Fərid Qayıbov Nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədovla birlikdə stendi ziyarət edib, alpaqutçularla görüşüb. Stendi həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Nazirliyin sektor müdiri Aydın Məmmədov və Nazirliyin əməkdaşları ziyarət ediblər.
Qonaqları Assosiasiyanın prezidenti Kazım Qurbanov, baş katib Seymur Qurbanov, KUTSAN Vasif Namazov, alpaqut üzrə məşqçilər Elşən Məmmədov və Rafiq Qasımov qarşılayıblar.
Sərgi 28 noyabrda saat 09:00–18:00-da davam edir. Hamını AMİNA-nın stendinə dəvət edirik.









