Ziyalılar Alpaqut haqqında
Tanınmış dövlət və elm xadimlərinin, ziyalıların Alpaqut Turan döyüş sənəti haqqında fikirləri.
«Alpaqut» Turan döyüş sənəti çağdaş türk dünyasında keçmiş türk gələnəklərini dirildən, ona həyat verib yaşadan çox mühüm bir ovqatın yaranması ilə ortaya çıxmışdır. Təkbaşına düşmənə hücum edən, heç bir yandan ələ keçməyən igid statusuna aid olan Alpaqut obrazı müasir dövrdə qədim türk döyüş sənətlərinin elementləri üzərində formalaşaraq idman mədəniyyətinə yeni nəfəs vermişdir. Alpaqut Turan döyüş sənəti daxilində ən qədim türk-etrusk əlifbasındakı hərflərin sıralanmasına uyğun Ayça, Batur, Caymaz, Qurşaq, Kaçut adlanan yarışma sistemləri isə mükəmməl bir bütövlük təşkil edir.
Son dövrlər türk birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bu addımlar türk birliyinin güclənməsi baxımından vacibdir; artıq Türkdilli Ölkələrin Parlament Assambleyası da beynəlxalq təşkilat kimi dünyada özünü təsdiq etməkdədir. Qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır. Bu baxımdan türk dövlətlərinin qarşılıqlı münasibətlərinin gücləndirilməsi və onların yaratdıqları təşkilatların beynəlxalq fəaliyyəti istiqamətində atılan addımlar önəmlidir.
Hesab edirəm ki, türk xalqlarının döyüş sənəti kimi özünü təsdiq edən Alpaqut idman mədəniyyəti baxımından böyük bir nailiyyətdir. Dilimizi, tariximizi və mədəni dəyərlərimizi özündə əks etdirən bu döyüş sənətinin ölkəmizdə inkişafı milli məfkurə baxımından olduqca lazımlıdır. Türk xalqları həmişə bu dünyada harmoniya axtaran olub, dünya xalqlarını ortaq ünsiyyətə gətirə bilib, dünyaya açıq olub. Müxtəlif dilləri öyrənmişik, mədəniyyətləri qəbul etmişik. Düşünürəm ki, bundan sonra da dünya bizi lazımi səviyyədə qəbul etməlidir. O cümlədən idman sahəsində də bizim xüsusi imzamız olmalıdır. Bu nöqteyi-nəzərdən Alpaqut Turan döyüş sənəti olduqca lazımlı bir vasitədir.
Türk döyüş sənətinin son illərdə inkişafından çox məmnunam. Bu, sadəcə bir idman növü deyil — onun böyük fəlsəfəsi var. Gənclərimizin onu öyrənməsi və sahib çıxması olduqca vacib və əhəmiyyətlidir. Türksoylu xalqların ortaq dəyərlərinin inkişafında Azərbaycan həmişə maraqlıdır və bu işdə də öz töhfəsini verir. Ümid edirəm ki, tarixi köklərimizlə bağlı olan türk döyüş sənəti Azərbaycan gənclərində yüksək maraq doğuracaq.
Türk dünyası ilə ortaq dəyərlərimizin inkişafında Azərbaycan həmişə maraqlıdır və bu işdə də öz töhfəsini verir. Düşünürəm ki, Alpaqut döyüş sənətinin Azərbaycanda yayılmasına və inkişafına biz öz tərəfimizdən lazımi dəstəyi verəcəyik.
Türkdilli xalqların tarixən döyüşkən olması, Vətən uğrunda qanından, canından keçməsi tarixi həqiqətdir. İllər ötdükcə bu döyüşkənlik türk xalqlarının idmana, fiziki kamilliyə marağını da artırıb.
Təsadüfi deyil ki, Azərbaycanda bu sahəyə böyük həvəs var. Bu, bir tərəfdən dövlətin idmana, bədən tərbiyəsinə göstərdiyi qayğı sayəsində baş verirsə, digər tərəfdən də xalqın tarixən sağlam həyat tərzinə, idmana həvəsi ilə bağlıdır. Təkcə 2012-ci ildə Azərbaycan idmançılarının London olimpiadasındakı tarixi zəfərlərini xatırlatmaq, söylənilənləri təsdiqləməyə kifayət edər.
Ölkəmizdə döyüş idman növlərinə də böyük maraq var. Dünya türklərinin döyüş sənəti kimi günbəgün daha da geniş yayılan Alpaqut Azərbaycanda da öz layiqli yerini tapıb.
Alpaqut həm döyüş sənəti, həm də bir idman növü kimi cəmiyyətdə böyük həvəslə qarşılanır. Ölkəmizdə bu idman növünün təbliği və inkişafı ilə məşğul olanlara minnətdarlığımı bildirir və uğurlar arzulayıram.
İdmana qayğı dövlətimizin prioritet məsələlərindən biridir. İdman və bədən tərbiyəsi insanın yalnız fiziki gücünü deyil, eyni zamanda ruhunu yeniləyir, ona inam və qətiyyət gətirir. Ölkəmizdə idmanın və bədən tərbiyəsinin kütləviliyi, əslində sağlam nəsillə bərabər, həm də vətənpərvər gənclik yetişdirmək missiyasını daşıyır.
Bu səbəbdən də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idmana qayğı siyasəti bu gün onun davamçısı — Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2012-ci ilin «İdman ili» elan edilməsi də bu səbəbdən qaynaqlanır. «Alpaqut» Döyüş Növləri Mərkəzinin təsis edilməsi türk döyüş növü ilə məşğul olan idmançılarımız üçün böyük töhfədir. Arzu edirəm ki, milli ruhda olan bu idman növünün təbliğatçısı olan jurnalınız daim idmançılarımızın qələbələrini işıqlandırsın. Sizə uğurlar diləyirəm.
«Alpaqut» döyüş növləri mərkəzinin Azərbaycanda fəaliyyətə başlaması müstəqillik dövründə Vətənimizin idman sahəsindəki tərəqqisinin bariz nümunələrindən biridir. Ümumbəşəri və milli-mənəvi dəyərlərə əsaslanan «Alpaqut»un fəlsəfəsi yetişən gənc nəsillərimizdə sağlam ruhu və mənəviyyatı formalaşdırmaqda böyük önəmə malikdir.
Xalqımızın özünəməxsus dəyərlərinə əsaslanan nadir milli idman növlərimiz kimi «Alpaqut» da gənclərimizdə Vətənə və dövlətə sevgi, yaşlıya hörmət, insanpərvərlik, nizam-intizam, maariflənmə və digər yüksək mənəvi keyfiyyətləri aşılamaqda əvəzsiz bir fiziki və mənəvi təkmilləşmə sistemidir. Dünya üzrə şəbəkələrə malik «Alpaqut» öz sıralarında müxtəlif millətlərin minlərlə nümayəndəsini birləşdirməklə həm də beynəlxalq səviyyədə Azərbaycanın əsas tərkib hissəsi olduğu türk dünyasının yüksək keyfiyyətlərini təbliğ etməkdədir. Fəaliyyətinə daim uğurlar dilədiyimiz «Alpaqut» qloballaşan dünyada türk dünyasının inteqrasiyası üçün töhfəsini verməkdədir.
Azərbaycan «Alpaqut» Döyüş Növləri Mərkəzi yarandığı 2009-cu ildən bu günə kimi öz fəallığı ilə seçilir. Bu gün Azərbaycanda idmanın aparıcı növləri üzrə federasiyalar mövcuddur; onların bir çoxunun uğurlu fəaliyyəti və çoxlu nailiyyətləri vardır. İnanırıq ki, Azərbaycan Alpaqut Döyüş Növləri Mərkəzi də tezliklə federasiya statusu alacaq və öz sözünü deyəcək.
Azərbaycanda bu federasiyanın yaranmasının bir əhəmiyyəti də bu döyüş növünün türk xalqlarına mənsub olmasıdır. Bu döyüş növü biz Azərbaycan türklərinin də idman tarixinin bir hissəsidir. Tez bir zamanda ətrafına çoxlu sayda gənc idmançı toplamış bu idman mərkəzi, inanırıq ki, gələcəkdə bugünkü nailiyyətlərindən daha böyük nailiyyətlər qazanacaq. Bu idman növünün Azərbaycanda yaranmasını və inkişaf etməsini dəstəkləyirik və bu işdə xidməti olanlara minnətdarlığımızı bildiririk. Tanrı millətimizi qorusun!
Uzun müddət müstəmləkə əsarətində yaşamaq Azərbaycan türklərinin milli şüurunda, özünüdərk məsələlərində problemlər yaratmışdır. Sovet imperiyasının çökməsi milli şüurun oyanmasına, millətimizin öz keçmişinə, mədəniyyətinə, dilinə, dininə diqqətini artırmasına səbəb olmuşdur. Türklük ideologiyasına maraq oyanmış — türklüyün mədəni, elmi, ictimai, siyasi, dil və digər istiqamətlərində çoxsaylı işlər həyata keçirilmiş və onlar bu gün də davam etməkdədir.
Belə istiqamətlərdən biri də idmanla bağlıdır. İdmanın dünyadakı roluna diqqət yetirdikdə Alpaqut türk döyüş sənətinin mövcudluğunun nə qədər mühüm olduğu gözlərimizin önündə canlanır. Bu idman növü ilə məşğul olanların sağlam və güclü formalaşması, üstəlik türklük şüurunun təsiri altında olmaları böyük üstünlükdür. Çətin bir şəraitdə də olsa, Alpaqut döyüş növünün dörd ildir Azərbaycanda fəaliyyətinin təmin edilməsi, bu günə qədər yaşadılması böyük fədakarlıqdır.
Ümid edirəm ki, sizin fəaliyyətiniz ilbəil genişlənəcək və biz tezliklə Azərbaycan Alpaqut Federasiyasının qurulmasının, daha geniş və beynəlxalq miqyaslı yarışların, gənc nəslin sağlam böyüməsində oynadığı rolun şahidi olacağıq. Bir daha təbrik edərək fəaliyyətinizdə uğurlar arzulayıram.
Türkün ruhunda döyüşkənlik olduğu kimi, döyüşün fəlsəfəsində də türkün ruhu var. Orta əsrlərdə türk dilinə döyüş dili, hərb dili deyilirdi. Türk ədalət uğrunda, Vətən və millət uğrunda döyüşürdü. Bu ruh qədim və müasir türk marşlarında da özünü göstərir. Türk dövlətlərinin himnlərində türkün yolu və bu yolda canını, qanını qurban etməsi fikirləri var ki, buna da ancaq bizim millətə məxsus fəlsəfi marşlarda rast gəlinir. Misal üçün, Azərbaycan Respublikasının himnindən bir misraya diqqət yetirək:
Səndən ötrü qan tökməyə cümlə qadiriq!
Alpaqut müasir bir döyüş növü olsa da, özlüyündə və üslubunda qədim türk döyüş sənətini əks etdirir. Alpaqut — qədim türk döyüş sənətinə əcnəbi xalqların və müxtəlif dinlərin zorla yeridilmiş fəlsəfələrindən arınma deməkdir. Alpaqut türkün öz ruhunu, fəlsəfəsini və dəyərlərini qaytaran bir döyüş sənətidir. Alpaqutda şəkilə, heykələ biət etmək yoxdur, özünü eybəcər hallara salmaq yoxdur; Alpaqutda zəifi, gücsüzü müdafiə etmək var, özünə və ətrafdakılara hörmət var, qadının özünü asanlıqla qoruması var.
İlk dəfə mənim diqqətimi Alpaqut məhz bununla cəlb etdi. Alpaqut sıralarına daxil olarkən gördüm ki, burada fiziki və mənəvi cəhətdən layiqli türk əsgərləri yetişdirilir. Alpaqut təlimləri sanki Qarabağın azadlığına hesablanır. Bəlkə də elə bu səbəbdən Azərbaycan alpaqutçuları qatıldıqları bütün yarışlardan ən yüksək göstəricilərlə Vətənə dönürlər. Azərbaycan Alpaqut Federasiyası demək olar ki, ölkəyə ən çox medal gətirən federasiyalardan biridir. Bu isə təbii ki, təkcə Alpaqutun yox, bütün Azərbaycanın nailiyyətidir. Ümumiyyətlə, Alpaqutun inkişafı bütövlükdə türk millətinin uğurudur.
Mənimçün Azərbaycanın (azərbaycanlıların), türkün, Şərqin özündən yaradılmışlar, özyaratdıqlarımız doğmadır, əzizdir. Yad mədəniyyətlərin arxasınca getmək, özgələrin yaratdıqlarından başqasını görməmək narahatçılıq doğuran hallardır. Özəlliklə ona görə ki, biz dünyanın ən qədim, köklü xalqlarından biri olaraq zamanında bəşər üçün böyük önəm daşıyan olaylar yaratmış, sistemlər, dövlətlər qurmuş, uğurlu kəşflər etmiş, gərəkli strukturlar formalaşdırmışıq. Dünya sivilizasiyası, mədəniyyəti, tarixi Azərbaycanın (türkün, Şərqin!) əsəri olan, bir çox hallarda başqa ad və ünvanlarla tanınan o qədər olaylara səhnə olub ki! Bunları nəyə görə deyirəm? Vasif Namazov və onun yaratdığı Alpaqut Turan döyüş sənəti mənimçün doğma hadisə olaraq dəyərlidir. Respublikamızın Alpaqutla tanışlığı qürurverici hadisədir.
Ayrıca, alpaqutçuların Azərbaycan gənclərinin sağlam bədəndə, sağlam ruhda, milli ruhda böyüməsi naminə həyata keçirdikləri tədbirləri, habelə respublikamızı xaricdə keçirilən idman yarışlarında uğurla təmsil etmələrini şükranlıqla qeyd etməliyəm. Fürsətdən istifadə edib, Azərbaycan Alpaqut Federasiyasına daha böyük uğurlar arzulayıram.
Birinci dəfədir ki, idmanla bağlı tədbirə gəlirəm. Sizi görməyimə çox sevindim, çünki bizim hər bir qələbəmizin başında dayanan idmandır. İdmanın da başında dayanan sağlam ruhdur. Bizim torpaqlarımız işğal altındadır; o dağları, o torpaqları azad etmək üçün gənclərimiz sağlam olmalıdır. Bunun üçün hər bir gənc idmanla yaxından məşğul olmalıdır. Belə bir kollektivin olmasına çox sevindim. Alpaqut bütün gənclərimizə lazımdır. Təbliğat ancaq bu istiqamətdə getməlidir, gənclərimiz milli düşüncələrlə böyüməlidir. İstənilən sahədə qəhrəman olmaq olar, o cümlədən idman sahəsində. Hamınıza uğurlar arzulayıram.