Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Güləş kimin idmanıdır?

· 5 dəqiqəlik oxu

JcZkahuc

Türk və köçəri döyüş mədəniyyəti üzrə araşdırmaçı Vasif Namazov

Güləşin türk dünyasında geniş yayıldığı heç kimə sirr deyil. Türk xalqları tarix boyu çox müharibə görüb; qurduqları dövlətlər və imperiyalar buna şahiddir. Türk hərbi sisteminin ən vacib hissələrindən biri əlbəyaxa döyüş idi, ona hazırlıq təlimi isə güləş idi. Əsl savaşdan fərqli olaraq, hazırlıq zamanı zədə almamaq üçün ayaq üstə də, yerdə də yumruq və təpik qadağan edilirdi. Məhz buna görə güləş günümüzə yumruqsuz və təpiksiz bir idman kimi gəlib çatıb.

Türk dünyasında obalar bir-birindən aralı yaşadığı və hər obanın öz baxışı olduğu üçün döyüşçülərin təlimində fərqli taktikalar yaranıb. Bu gün hər türk xalqında güləşin öz taktikasının və öz yarış qaydalarının olması bundan irəli gəlir.

Coğrafiya və ləhcə fərqlərinə görə həm sözün özü, həm də güləşin növləri müxtəlif adlar alıb. Söz xalqdan xalqa belə dəyişir: güləş (azərbaycanlılar), güreş (Türkiyə türkləri, qaqauzlar), göreş (türkmənlər), kuraş (özbəklər), quraş (qaraqalpaqlar), küres (qazaxlar, xakaslar), kuroş (qırğızlar), köräş (tatarlar, başqırdlar), köreş (Krım tatarları), kerəşü (çuvaşlar), küreş (altaylar), xüreş (tuvalar). Adlar fərqli olsa da, məna və məzmun eynidir.

Kaşğarlı Mahmudun XI əsrdə yazdığı «Divanü Lüğat-it-Türk» əsərində «kür» sözü igid, sarsılmaz, ürəkli, qoçaq mənasında verilir («kür ər»). Eyni əsərdə «küreşmək» feli güləşmək mənasında işlənir: «Qız birlə küreşmə, qısraq birlə yarışma». Azərbaycan dilində «kür» bu gün də coşqun, dəliqanlı deməkdir; böyüklərimiz uşaqlara «bir kürrəşin görək» deyərdi. Fikrimcə, güləşin adı da bu kökdən gəlir: kürlərin, yəni igidlərin qarşılaşması.

At üstündə güləş

Güləşin növləri də çoxdur. Azərbaycanlılarda pəhləvan güləşi; Türkiyə türklərində yağlı güləş, karakucak, aba güləşi və şalvar güləşi; özbəklərdə kuraş; qazaxlarda qazaq küresi; qırğızlarda qurşaq güləşi olan alış, qırğız kuroşu və «Manas» dastanında adı çəkilən balban küröş; türkmənlərdə göreş və yaxadan tutmaqla aparılan yaxalaşma; tatarlarda və başqırdlarda köräş; altaylarda küreş; tuvalarda xüreş; xakaslarda küres; saxalarda xapsağay; qaqauzlarda güreş. At üstündə güləş də var: qırğızlar ona er eniş, qazaxlar audarıspak deyir.

Bu gün güləşi yalnız yunanlara və romalılara aid edənlər də var. Səbəb «Yunan-Roma güləşi» adlı növün bütün dünyada tanınması və Olimpiya oyunlarında yer almasıdır.

Qədim relyefdə iki güləşçi

Türk dünyasında bu qədər güləş növü olduğu halda Olimpiya oyunlarına niyə «Yunan-Roma güləşi» qəbul edilib?

Çünki bu növ qədim yunan və Roma abidələrindəki güləş təsvirlərinə və yazılı qaynaqlara əsaslanaraq formalaşdırılıb. Olimpiya oyunlarına da bu adla daxil olub. Olimpiya hərəkatını quranlar öz bildikləri mənbələrə söykəniblər; türk xalqlarının güləş ənənəsi o vaxt Avropada az tanınırdı.

Roma mədəniyyətinin köklərində isə etrusklar durur. Türkoloq, professor Firudin Ağasıoğlu «Etrusk-Türk bağı» kitabında etruskların mənşəyini, mifologiyasını və dilini türklərlə bağlayır. Onun gətirdiyi dəlillərdən biri Romanın rəmzi olan dişi qurddur: müəllifə görə, Romul və Remi qurdun əmizdirməsi əfsanəsi türklərin bozqurd əfsanəsi ilə eyni kökdəndir.

Güləşin köçəri mühitdə qədimdən yaşadığını arxeoloji tapıntılar da göstərir. Ordos bölgəsində (Şimali Çin) tapılmış, eramızdan əvvəl II–I əsrlərə aid tunc kəmər toqqasında atlarını arxada saxlayıb bir-birinin belindən yapışaraq güləşən iki köçəri atlı təsvir olunub. Onların əynindəki enli şalvar bu gün Azərbaycan, Anadolu və Orta Asiyada el şənliklərində güləşən pəhləvanların geyimi ilə eynidir.

Qoca Yusif güləş meydanında, köhnə rəsm

Bu gün də Azərbaycanda, Anadolunun bir çox bölgəsində və Orta Asiyada toylarda, el bayramlarında musiqi sədaları altında igidlik yarışları keçirilir. Bu yarışlarda atüstü oyunlarla yanaşı başqa idman növləri də olur. Belə məclisləri güləşsiz təsəvvür etmək mümkün deyil.

Beləliklə, güləş qədim türk köçəri obalarının (tayfalarının) həyat tərzindən, döyüşə hazırlıq təlimi kimi doğub, sonra idman mədəniyyətinə çevrilib.

Bu tədbirin bütün fotoları (5)

Paylaş: Facebook WhatsApp Telegram X