Türk dünyasının şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş Turan Savaşçıları devizi altında alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunları keçirildi.
Yarışda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Pakistan idmançıları öz güclərini sınayıblar. Açılış mərasimini çıxış sözü ilə açan millət vəkili, Dünya Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərov alpaqut idman növünün yarandığı dövrlərə diqqət çəkib: “Qısa zaman ərzində bu qədər iş görmək, tanınmaq, uğur qazanmaq asan deyil. Bu idman növünü yaradan, təbliğ edən gənclər türk tarixinin, döyüş sənətinin dünyaya yayılmasında böyük iş görüblər. İnanıram ki, daha da inkişaf edərək bütün dünyada önəmli idman növündən birinə çevriləcək. Bugünkü yarışın türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunması da əlamətdardır. Çünki Zəlimxan Yaqub yaradıcılığında türkçülük öməmli yer tutur. Həmçinin bu gün ölkə başçısının da doğum günüdür. Ona uzun ömür, möhkəm can sağlığı arzulayıram”.
Millət vəkili Qənirə Paşayeva isə Alpaqut idman növünün gənclərin sağlam ruhda böyüməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Alpaqut türkün xarakterini, ruhunu əks etdirən idman növüdür. Türkün döyüşkənliyini göstərən idman növüdür. Gənc nəslin sağlam, vətənpərvər böyməsində böyük rolu var. Çünki alpaqut fiziki sağlamlıqla yanaşı, ruhi, mənəvi sağlamlıq da aşılayır”.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, dünya və olimpiya çempionu Fərid Mansurov isə çıxış edərək alpaqut idman növünün bütün çətinliklərə baxmayaraq, yüksək səviyyədə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb.




