Alpaqut Turan Döyüş sistemləri üzrə I-ci açıq Novruz Bahadır oyunları keçirildi.

23 mart 2014-cü il Sumqayıt şəhırində Alpaqut Turan Döyüş sistemləri üzrə I-ci açıq Novruz Bahadır oyunları keçirildi.Yarışa dəvət olunmuş komandalardan Bakının Suraxanı, Yasamal, Ramanı, Binəqədi, Narimanov rayonları, Abşeron, Sumqayıt, Xaçmaz komandaları və eyni zamanda Xəzər və Qartal Peşəkar idman klubları iştirak etdi. Komandalar Alpaqut turan döyüş sənətinin Aypara, Batur, Caymaz döyüş sistemləri üzrə mübarizə apardılar.
Turnirin Açılış Mərasimində Dünya Alpaqut Federasiyasının 1-ci Vitse prezidenti Araz Abdullayev və Azərbaycan Alpaqut Federasiyasının prezidenti söz alaraq qonaqları salamladılar və idmançılara uğurlar arzu etdilər.
AAF prezidenti Aqil Acalov: “Bu bizim Alpaqut adıyla ilk yarışımızdı. Yeni çıxdığımız yolda hamıya uğurlar arzu edirəm. Hesab edirəm ki, xalqımızın milli bayramı olan Bahar bayramı ərəfəsində bu işə start verməmiz daha məqsədə uyğundur. Çünki tarixəndə qədim türklər bahar bayaramı ərəfəsində bahadır oyunları keçirmişdirlər. Bizim üçün əhəmiyyətli olan bu yarışda iştirak edən bütün komandalara uğurlar arzu edirəm”
DAF 1-ci vitse prezidenti Araz Abdullayev: “Bildiyiniz kimi fevral ayının 12-de rəsmi olaraq Dünya Alpaqut Federasiyası qeydiyyatdan keçmişdir. Bu bizim ən böyük uğurlarımızdan biridir. Biz bu təşkilatı dünyada ən papulyar bir idman təşkilatına çevrilməsində israrlıyıq. Buna həm gənclik olaraq enerjimiz imkan verir, həmdə Azərbaycanda olan idman infrastrukturu. Təbii ki, bütün bu uğurlar ölkə başçısı İlham Əliyevin diqqəti və zəhməti sayəsində qazanılır. Bizdə bu ölkənin vətəndaşları olaraq, yaradılan bu şəraitdən istifadə edərək, qədim idman mədəniyyətimizin dünyada tanıdılmasına çalışmalıyıq”.
Yarışı Azərbaycan Alpaqut Federasiyasının Baş katibi, Anar Bayramov, Vitse-prezidentlər Elşən Məmmədov, Anar Əliyev və Yaquv İbrahimovun rəhbərliyi altında yaradılmış Təşkilat Komitəsi həyata keçirirdi.
Komanda hesabı üzrə Aypara sistemi üzrə Suraxanı 1-ci yer, Xaçmaz 2 -ci yer, Binəqədi 3-yer. Batur sistemi üzrə Sumqayıt 1-ci yer, Narimanov 2 -ci yer, Xəzər klubu 3- yer. Caymaz sistemi üzrə Qartal Peşəkar idman klubu 1-yer, Binəqədi 2-ci yer, Xaçmaz 3 yer qazandı.
Qeyd: Alpaqut -Turan Döyüş sistemləri, türk xalqlarının döyüş sənətlərindən, ortaq idman mədəniyyətindən seçilərək, ortaya qoyulmuş və bu döyüş sənətinin ümumi terminologiya bazasının hazırlanmasında tanınmış tarixçi, dilçi, türkoloqlar tərəfindən bu işə töhfə verilmişdir.
Alpaqut -Turan Döyüş sistemlərinin və təşkilatının yaranmasının ideya müəllifi və qurucusu statusu tanınmış beynəlxalq dərəcəli idman üstası, türk döyüş sənəti üstası Vasif İmran oğlu Namazovdur.
Vasif Namazov “Alpaqut” adını, 11-ci yüzillikdə Mahmud Qaşqarlı tərəfindən yazılmış “Türk Dialektlerinin Lüğəti” (“Divanü Lüğәti it-Türk”) – Türkçənin bilinən ən qədim lüğətindən götürmuşdur. “Alpaqut” adı “Divani lüğət it-Türk”-də bеlə açıqlanır: “Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid“.











