Noyabrın 23-də Atatürk Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında iştirak etmək üçün Azərbaycana gələn xarici ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatları, Dünya Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərov, birinci vitse-prezidenti Qənirə Paşayeva, eləcə də alpaqut Turan döyüş sənətinin yaradıcısı Vasif Namazov və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək idmanın bu növünün ölkəmizdə təşəkkülündən və dünyada sürətlə inkişaf etməsindən danışıblar. Qeyd edilib ki, idman, sadəcə, yarışların təşkili deyil, həm də xalqlar, dövlətlər arasında dostluq, qardaşlıq və birliyin yaradılması üçün geniş imkanlar açır.

Çıxışlarda bildirilib ki, Azərbaycanda bütün sahələr kimi, idman da sürətlə inkişaf edir. Ölkəmizdə nüfuzlu idman tədbirlərinin, o cümlədən dünya, Avropa çempionatlarının ən müasir standartlara uyğun keçirildiyini qeyd edən natiqlər əminliklə vurğulayıblar ki, alpaqut üzrə birinci dünya çempionatı da Bakıda yüksək səviyyədə təşkil olunacaq.

Konfransda iştirak edən Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistanın Alpaqut federasiyalarının nümayəndələri idmanın bu növü üzrə ilk dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə edib, alpaqut idmanının inkişafı ilə bağlı təkliflərini bildiriblər.

Tədbirdə təşkilati məsələlərə də baxılıb, Dünya Alpaqut Federasiyasına bir sıra təyinatlar olub. YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov S-1 döyüş liqasının prezidenti, eyni zamanda, Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti seçilib. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev isə S-1 döyüş liqasının birinci vitse-prezidenti, dünya və Avropa çempionu, bir sıra beynəlxalq yarışların qalibi Mərdan Vəliyev isə ikinci vitse-prezidenti seçilib.

Sonda konfransda iştirak edən komandalara Dünya Alpaqut Federasiyasının xatirə hədiyyələri təqdim edilib.