
Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Musa Abdullayev Rio olimiadasında Azərbaycan idmançılarının uğurları barədə mövqe qəzetinə bu fikirləri bildirdi “Azərbaycan idmançılarının Rioda böyük uğura imza atması sözsüz ki, dövlətimizin bu sahəyə göstərdiyi gayğının nəticəsidir. İdmançılarımız gördünüz ki, bu olimpiadada əvvəlki dövrlərlə müqayisədə daha çox medala layiq görüldülər. Keçən olimpiadada cüdo və taekvando yarışları üzrə nəticə əldə etməmişdik. Bu dəfə isə həmin idman növləri üzrə də uğurlara imza atdıq. Yəni, Rioda qazandığımız uğurlar daha çox idman növləri üzrə oldu. Bütün bunlar isə dövlətimizin və onun rəhbərinin idmana yüksək qayğısından, yerlərdə federasiya rəhbərlərinin cənab Prezidentin siyasətini layiqincə yerinə yetirmələrindən irəli gəlir.
Hətta keçən olimpiya oyunlarında uğurlara imza atan bir çox idmançılarımız bu dəfə də fəxri kürsüyə qalxmağa nail oldular. Bu da idmançılarımızın idmana olan xüsusi münasibətinin təzahürüdür və idmançılarımızın özlərini doğrultmasından, onlara göstərilən qayğıdan irəli gəlir. Xüsusən də boks növündə Rioda finala çıxa bildik. Əvvəlki olimpiadada isə ancaq bürünclə kifayənlənmişdik. Taekvando sahəsi üzrə əvvəllər medalsız qalırdıq. İndi isə hətta çempionumuz var. Cüdo üzrə də iki gümüş medal aldıq. Əvvəlki olimpiadalarda bizim idmançılara qarşı çox haqsızlıqlar olurdu. Bu il isə idmançılarımıza qarşı heç bir haqsızlığı müşahidə etmədim. Bəzi oyunlar bir qədər mübahisəli və bərabər döyüşlər oldu. Amma ümumilikdə idmançılarımıza qarşı bir haqsızlıq görmədim. Bu da ondan irəli gəlir ki, Azərbaycan artıq güclü idman ölkəsidir, bizdə Avropa oyunları keçirilib. Belədə artıq ölkəmizi idman ölkəsi kimi də dünyada tanıyırlar. Bütün bunların səbəbi olimpiya oyunlarında davamlı çıxışımız, idmançılarımızın mükafat qazanmaları və Avropa oyunlarını keçirməyimizlə bağlıdır. Deməli, ölkəmiz bütün dünyanı birləşdirən böyük mötəbər idman yarışlarını keçirmək təcrübəsinə malikdir.
Bütün bu tədbirlər fonunda Azərbaycan idmanı da tanınır. Onun nəticəsidir ki, indi Azərbaycana dünya miqyasında idman müstəvisində də ciddi və hörmətlə yanaşmağa başlayıblar. Ölkəmizin olimpiadada qazandığı bu uğurlar belə deməyə əsas verir ki, Azərbaycanda Yay Olimpiya oyunlarını keçirməyə tam olaraq labüd şərait yetişib. Düşünürəm ki, Tokioda keçiriləcək 2020-ci il olimpiya oyunlarından sonra gələcəkdə bu tip oyunlara Bakı da ev sahibliyi edə biləcək. Bir il öncə baş tutan Avropa oyunları ilə sübut etdik ki, Azərbaycan belə möhtəşəm turnirləri layiqincə keçirməyə qadir bir ölkədir. Xatırlayırsınızsa, Azərbaycan qısa bir müddətdə Avropa oyunlarına hazırlığı təşkil edə bildi. Rio olimpiadasında qazandığımız uğurlar da dünya tarixinə qızıl hərflərlə yazılacaq bir hadisədir”.